Qax rayonu Azərbaycanın ən qədim, zəngin tarixi keçmişə malik bölgələrindən biri olmaqla əhalisi Azərbaycanda oturaq əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olan ibtidai tayfaların sıx məskunlaşdığı əsas mədəniyyət mərkəzlərindən biri olmuşdur. Rayonun ərazisi Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Rayon şimal-şərqdən Dağıstan Respublikası, qərbdən Gürcüstan Respublikası , şimalda Zaqatala rayonu , cənubda Şəki şəhəri, cənub-qərbdən isə Yevlax və Samux rayonu ilə həmsərhəddir.
Qax öz mətbəxi ilə də sevilir.Belə ki, onun sürhüllü, xingili, qırs (ala qırsı,ət qırsı,çürümtək qırsı) kimi ləziz təamları vardır. Qaxın bu 3 milli xörəyinin hamısı xəmir əsaslı olsa da,dadları tamam fərqlidir.Yeməyin yanındakı əlavələr çətin həzm olunmanın qarşısını alır. Əsasən, Qaxın mərkəzində, Ağçay, Sarıbaş, İlisu kəndlərində daha dadlı, spesifik sürhüllü, xingili, qırs yeyə bilərsiniz. Reseptləri təqdim etmək yersiz olardı, çünki xəmirin bükülmə, çəkilmə, hətta yoğrulma qaydalarını gözlə görmək gərəkdir. Ən əsası, bəzi yeməkləri sadəcə dadmaq lazımdır. Rayona bir dəfə gəlib bu təamları yeyən turist ikinci dəfə də gəlməyi arzu edəcəkdir.
Turizm və alış-veriş mərkəzləri:
Qaxın turizm obyektləri, görməli yerləri çoxdur. Bunlardan ən maraqlılarından biri də İçəri bazardır. Bəli, bu günki İçəri bazar tarixi abidə kimi Azərbaycanın ən cəlbedici və maraqlı turizm mərkəzlərindən biri sayıla bilər. “İçəribazar qala kompleksini”- səyahət edərək keçmiş yüzilliklərin memarlığını yeni ideya və məzmunda duymaq, müasir reallığı hiss etmək mümkündür. Hal-hazırda İçəribazar özünün ikinci çiçəklənmə dövrünü yaşayır. Şimal və cənub istiqamətindəki qapılar bərpa olunmuş, turistlərə xidmət göstərəcək dükanlar tikilmiş, bazar meydanında isə yaşıl teatr fəaliyyət göstərir. İçəri bazar XIX əsrin sonları XX əsrin əvvəllərindən yaşayış yeri,mədəni əyləncələr yeri, xalq yaradıcılığının və milli bayramların keçirilməsi yeri kimi də öz funksiyasını davam etdirmişdir.